HƏZRƏT İSA-MƏSİHİN (Ə) ŞƏFA VERƏ BİLMƏDİYİ XƏSTƏLİK

HƏZRƏT İSA-MƏSİHİN (Ə) ŞƏFA VERƏ BİLMƏDİYİ XƏSTƏLİK

İslam dünyası fərdi və ictimai problemlərin həlli üçün İslam dini və onun şəfabəxş təlimlərinə üz tutduqda, bəhrəsiz qalmamışdır. Bu təlimlərin böyük bir hissəsini əxlaqi bəhslər təşkil edir və onun böyük dairəsi Quran ayələri və Əhli-beyt (ə) rəvayətləri ilə zəngindir.

Əxlaqi bəhslərdə özünə xüsusi yer ayıran xəstəliklərdən biri “xudbinlik”dir və rəvayətlərdə “ücb” ifadəsi ilə qeyd edilmişdir. Alimlər ona belə tərif verib: “Yaxşı və saleh əməllərini böyük bilən, onları çox hesab edən, onlara görə öyünüb təkəbbürlülük göstərən və özünü əsla təqsirli bilməyən kəs “xudbin” adlanır.”

İmam Sadiq (ə) maraqlı bir hədisdə bu haqda belə buyurmuşdur:

مَنْ أُعْجِبَ بِنَفْسِهِ هَلَکَ وَ مَنْ أُعْجِبَ بِرَأْیِهِ هَلَکَ وَ إِنَّ عِیسَی‌بْنَ مَرْیَمَ(ع) قَالَ: دَاوَیْتُ الْمَرْضَی فَشَفَیْتُهُمْ بِإِذْنِ اللَّهِ وَ أَبْرَأْتُ الاکْمَهَ وَ الابْرَصَ بِإِذْنِ اللَّهِ وَ عَالَجْتُ الْمَوْتَی فَأَحْیَیْتُهُمْ بِإِذْنِ اللَّهِ وَ عَالَجْتُ الاحْمَقَ فَلَمْ‌أَقْدِرْ عَلَی إِصْلاحِهِ فَقِیلَ یَا رُوحَ اللَّهِ وَ مَا الاحْمَقُ قَالَ الْمُعْجَبُ بِرَأْیِهِ وَ نَفْسِهِ الَّذِی یَرَی الْفَضْلَ کُلَّهُ لَهُ لا عَلَیْهِ وَ یُوجِبُ الْحَقَّ کُلَّهُ لِنَفْسِهِ وَ لایُوجِبُ عَلَیْهَا حَقّاً فَذَاکَ الاحْمَقُ الَّذِی لاحِیلَةَ فِی مُدَاوَاتِهِ

“Hər kim xudbin olsa (özünə öyünsə), həlak olar. Məryəm oğlu İsa (ə) demişdir: “Mən xəstələri sağaldıb, Allahın izni ilə onlara şəfa verdim, anadangəlmə korlara Allahın izni ilə göz verdim, Allahın izni ilə ölüləri belə diriltdim. (“Maidə”/110.) Amma “axmaq” bir şəxsin müalicəsində aciz qaldım və onu islah edə bilmədim”.

Həzrət İsadan (ə): “Ey Ruhullah! Axmaq kimdir?” – deyə soruşduqda, o həzrət buyurdu:

“1. Özünü bəyənən;

2. Bütün fəzilətləri özünə məxsus bilən;

3. Özündə heç bir eyib görməyən;

4. Bütün haqq və hüquqları özü üçün istəyən;

5. Başqalarının onun üzərində heç bir haqqın olmadığını düşünən.

Bu xüsusiyyətlərə sahib olan şəxs “axmaq”dır və onun müalicəsi üçün çarə yolu yoxdur”. (“Əl-ixtisas”, səh.221)

Bir cavab yazın