İLAHİ ZİKRİN KƏMİYYƏT VƏ KEYFİYYƏTİ

Qurani-Kərim və rəvayətlərdə açıqlanan məsələlərdən biri də zikrin kəmiyyət və keyfiyyətidir. Qurani-Kərimin bəzi ayələrndə zikrin çoxluğu və kəmiyyəti üzərində təkid edilir. Məsələn, “Əhzab” surəsinin 41-ci ayəsində buyurulur:

يا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللّهَ ذِكْراً كَثِيراً

“Ey iman gətirənlərAllahı çox zikr edin!

Bu ayədə təkid zikrin çoxluğu üzərindədir.

Bəzi rəvayətlərdə deyilir ki, hər şey üçün müəyyən hədd təyin edilmişdir, hətta namazın özünün də müəyyən həddi var: Həddi-buluğa yetmiş gəncə gün ərzində beş vaxt, on yeddi rükət namaz qılması vacib edilmişdir və müstəhəbdir ki, vacib namazların iki bərabəri qədər nafilə namazı qılsın, yaxud mübarək Ramazan ayında bir ay oruc tutsun və ya təklif yaşına çatmış hər bir müsəlmana maddi imkanı və qüdrəti olduğu surətdə, ömründə bir dəfə həcc ziyarətinə getməsi vacib edilmişdir. Lakin Allahı yad etməyin, ilahi zikrin həddi göstərilməyib. İnsan Allahı nə qədər çox ansa, nə qədər çox zikr etsə belə, yenə də azdır. Birinci dəstə ayə və rəvayətlərin müqabilində zikrin keyfiyyətinə işarə edən bir sıra ayə və rəvayətlər də mövcuddur. Buna “Bəqərə” surəsinin 200-cü ayəsini misal göstərə bilərik:

فَإِذا قَضَيْتُمْ مَناسِكَكُمْ فَاذْكُرُوا اللّهَ كَذِكْرِكُمْ اباءَكُمْ أَوْ أَشَدَّ ذِكْراً …

“Həcc mərasimini tamamlayıb qurtardıqda, (keçmişdəatababalarınızı yada saldığınız kimiondan da gözəlvə şiddətli Allahı yad edin!…

Bu ayədə Allahı yad etmək barədə söz açılmır və “Allahı çox yad edin” – deyilmir. Əksinə “Allahı gözəl və şiddətli yad edin.” – deyə buyurulur. Deməli, burada zikrin kəmiyyəti açıqlanmır. Təkid olunan zikrin şiddətidir və bunun, zikrin dillə deyilməsinə heç bir aidiyyəti yoxdur. Nəzərdə tutulmur ki, məsələn “La ilahə illəllah”ı intonasiya ilə tələffüz edək. Əsas məsələ qəlbin zikr əsnasında Allaha diqqət kəsilməyindəki şiddətindədir.

Rəhmətlik Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “Cahil ərəblərin belə bir adəti var idi ki, həcc mərasimindən sonra Minada şeir deyib öz ata-babalarını mədh edərdilər. Lakin İslamdan sonra Allah bu işə son qoyulmasına və onun yerinə Allahı yad etmək və ilahi zikrlə məşğul olmalarına göstəriş verir. Bu ayədə zikrin şiddəti vəsf edilir. Bu da onu göstərir ki, zikr miqdar baxımından arta bildiyi kimi, keyfiyyət baxımından da şiddətlənə bilər. Əlavə olaraq, zikrin dillə deyilməsi əsas götürülmür, həqiqətdə, zikr qəlbə aid olan bir işdir və qəlbi hazırlığı ilə əncam tapır.” (“Əl-mizan”, cild 2, səh.81.)

Çox vaxt bizlər zikr deyəndə, dillə söylənən sözləri nəzərdə tuturuq. Allahı yad etmək tapşırılanda, elə təsəvvür edirik ki, “əl-həmdu lillah” və ya “təsbihati-ərbəə”ni deməklə zikr etmiş oluruq. Halbuki bütün bu dillə söylənənlər zikrdən xəbər versə də, həqiqi zikr qəlbi və ruhi diqqətin Allaha yönəlməsidir. Yəni insan öz təklifini yerinə yetirdiyi zaman Allahı ansın və xatırlasın ki, Allah hüzurunu dərk etməklə öz vəzifəsini yerinə yetirmiş olur. Həmçinin günahdan çəkindiyi zaman da Allahı yad etsin ki, Allah hüzurunu dərk etmək onun günahdan uzaqlaşmasına səbəb olsun.

Dil zikri ilə qəlbi zikrin bağlılığı, yəni söz və məna arasındakı əlaqə meyvənin qabığı və özəyi arasındakı bağlılığa bənzəyir. Həqiqətdə, dil zikri qəlbi zikr üçün libas rolunu oynayır. Onun özəyi və bədəni qəlbi zikrdir. Deməli, dil zikri qəlbin müqəddiməsidir və bu, diqqət edilməsi zəruri olan məsələlərdəndir. Buna görə də, rəvayətlərdə zikrin miqdarı və deyilmə tərzi aydınlaşdırılmışdır. Namazdan sonra miqdarı və tərtibi müəyyən edilmiş zikrlər buna bir misaldır. (“Rəhe-tuşe” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild.266-268.)

Bir cavab yazın