İMAM MUHƏMMƏD BAQİRİN (Ə) KƏLAMINDA YAXŞI İŞLƏRİN BƏRƏKƏT VƏ TƏSİRLƏRİ

Rəcəb ayının 1-ci günü imam Baqirin (ə) doğum günüdür. Elə bu münasibətlə bütün Əhli-beyt (ə) tərəfdarlarını təbirk edir və o həzrətin həyatı, həmçinin o həzrətin kəlamında yaxşı işlərin bərəkət və təsirləri ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Mühəmməd Baqir (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilinin mübarək Rəcəb ayının 1-də dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı (yəni Aşura faciəsində) mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini, başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.)

Atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və “Bəqi” qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur.

O həzrət “elmi yaran” və “elmin dərinliyinə varan” mənasını verən “Baqir” ləqəbi ilə məşhurdur. Bu ləqəbin izahında alimlər yazırlar: “O həzrət elmi yardığı, elmin dərinliyinə vardığı, onun əsaslarını bildiyi və kökünü budaqlarından ayırmaq qabiliyyətinə sahib olduğu üçün “Baqir” adlandırılmışdır. (“Lisanul-ərəb”, “Baqir” sözünün izahında.)

Biz bu yazıda təbərrük olaraq, əziz oxucularımızın diqqətini o həzrətdən nəql olunan bir neçə əxlaqi kəlama yönəldir və ümid edirik ki, o həzrətin kəlam və göstərişlərinə əməl etməklə həyatımızın nuraniyyət və müvəffəqiyyətini günbəgün daha da artıracağıq!

Məlum olduğu kimi, hər bir insan fitrətən yaxşı işləri sevir, bəyənir, pis işlərə isə nifrət bəsləyir. Bəzən yaxşı işlərin təsir və bərəkətləri bəzilərində güclü stimul yaradır və onlarda yaxşı işlərə rəğbəti daha da artır. Həm yaxşı, həm də pis işlərin təsirləri ilk növbədə insanın özünə qayıdır. İmam Baqir (ə) buyurur: “Hər kim yaxşı iş görərsə, həqiqətdə, özünə yaxşılıq etmişdir.” (Tuhəful-uqul”, səh.299; “Xisal”, Şeyx Səduq, səh.258; o həzrət bu hədisi imam Əlidən (ə) nəql edir.)

Aydındır ki, insanın gördüyü yaxşı və saleh işlər minnətsiz, əziyyətsiz və niyyəti də xalis və xeyirxahlıqla yanaşı olmalıdır. Bunlarla yanaşı, yaxşı və saleh iş o zaman bərəkətli və Allah dərgahında sevimli olur ki, həmin iş davamlı şəkildə yerinə yetirilsin. İmam Baqir (ə) buyurur:

ما من شیء احب الی الله عز و جل من عمل یداوم علیه و ان قل

“Allah dərgahında kiçik olmasına baxmayaraq davamlı yerinə yetirilən (yaxşı) əməldən sevimli bir əməl yoxdur.” (“Əl-kafi”, 2-ci cild, Səh.82.)

Buna əsasən, xeyirxah işlərə adət etmək ən böyük ibadətdir. Elə bu məqsədlə, o həzrət bir hədisdə buyurur: “Özünüzü yaxşı işlərə adət etdirin, xeyirxah insanlardan olun və həmin əlamətlə (xeyirxahlıqla) tanının.” (“Biharul-ənvar”, 46-cı cild, səh.243.)

İmam Baqir (ə) insanları xeyirxah işlərə və başqalarına xeyir yetirməyə təşviq etmək üçün, daim həmin işlərin bərəkət və təsirlərinə toxunarmış. Biz də bu yazıda onlardan bəzilərinə toxunmaqla kifayətlənirik:

1. Xeyirxah işlərin qiyamətdə nuraniliyi: İmam Baqir (ə) buyurur: “Hər kim bu üç hədəfə görə dünya ardınca olarsa, qiyamət günü Allah-Taalanın rəhmət cilvəsini gördüyü halda məhşərə daxil olar və surəti on dörd gecəlik ay tək parlayar: 1. insanlara möhtac olmamaq üçün; 2. əhli-əyalının rifahını təmin etmək üçün; 3. qonşularına yardım etmək üçün.” (“Vəsailuş-şiə”, 12-ci cild, səh.19.)

2. Uzunömürlülük: Bəzi xeyirxah əməllər, məxsusən, ictimai xarakterlli xeyirxah əməllər ömrü artırır və ömrə bərəkət bağışlayır. “Sileyi-rəhm” (yaxınlarla əlaqə və onlara yaxşılıq) və əhli-əyalla xoş rəftar həmin əməllərdəndir. İmam Baqir (ə) buyurur:

من حسن بره باهله، زید فی عمره

“Öz əhli-əyalı ilə xoş rəftar edən şəxsin ömrü uzun olar.” (“Biharul-ənvar”, 75-ci cild, səh.175.)

O həzrət başqa bir hədisdə buyurur: “Sileyi-rəhm”(in beş faydası var:) əməl və ibadətləri saflaşdırır, var-dövlətə bərəkət gətirir, bəla və çətinlikləri dəf edir, hesabı (qəbir və qiyamət sorğusunu) asanlaşdırır və əcəli təxirə salır.” (“Tuhəful-uqul”, səh.2183.)

Yenı buyurur:

: البر و الصدقهًْ ینفیان الفقر و یزیدان فی العمر و یدفعان عن صاحبهما سبعین میتهًْ سوء

“Yaxşılıq və sədəqə yoxsulluğu aradan qaldırır, ömrü uzadır və yetmiş pis ölümü (bəlanı) yaxşılıq və sədəqə sahibindən uzaqlaşdırır.” (“Səvabul-əmal”, səh.141.)

3. Ruzi çoxluğu: Bəzi xeyirxah əməllər ruzinin artımına, bəzi çirkin əməllər isə ruzinin azalmasına səbəb olur. Ruzinin qazanılması, artması və bərəkətli olmasının yollarından biri də insanın gördüyü işlərdə, məxsusən, ictimai işlərdə və cəmiyyətin məhrum təbəqəsinin xidmətində olmaqda xetyirxahlıq niyyətinə sahib olmasıdır. İmam Baqir (ə) buyurur:

من حسنت نیته، زید فی رزقه

“Niyyəti yaxşı olanın ruzisi çox olar.” (“Biharul-ənvar”, 75-ci cild, səh.175.)

4. İlahi mükafat və cənnət: Yaxşı işlərin çoxlu bərəkəti var. Həmin bərəkətlərdən biri də Allah-Taala tərəfindən insana verilən mükafatdır, yəni cənnətdir. İmam Baqir (ə) buyurur: “Hər kim bir müsəlmanın hacətini rəva etsə və müşkülünü açsa, Allah-Taala ona belə xitab edər: “Sənin mükafat və savabın Mənim öhdəmdədir və Mən cənnətdən başqa bir mükafatla razı olmaram.” (“Müstədrəakül-vəsail”, 12-ci cild, səh.402, hədis 6.)

O həzrət başqa bir hədisdə belə buyurur:

من اطعم مومنا،‌اطعمه الله من ثمار الجنه

“Hər kim bir mömini yedirsə, Allah-Taala ona cənnət meyvələri yedirər.” (“Məhasini-Bərqi”, Səh.393, hədis 4.)

Bir cavab yazın