İslam peyğəmbəri (s) bütün bəşəriyyət üçün rəhmətdir

İslam peyğəmbəri (s) bütün bəşəriyyət üçün rəhmətdir
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ

“Səni də aləmlərə (bəşəriyyətə) ancaq bir rəhmət olaraq göndərdik.” (Ənbiya, 107).

İzah: İslam peyğəmbəri (s) Allah yanında ən mükəmməl bəndə və ən üstün məxluqdur. Ötən bəhslərdə o həzrətin (s) bəzi əxlaqi keyfiyyətlərini diqqətinizə çatdırdıq. Burada da o həzrətin (s) xüsusi fəzilətlərini ehtiva edən, məqamını daha çox aydınlaşdıran ayələrə işarə edirik. Bu mövzu ilə bağlı ilk ayə yuxarıdakı ayədir. Bu ayə o həzrətin (s) bütün varlığını bəşəriyyət üçün böyük və vəsfəgəlməz rəhmət adlandırır. O həzrətin (s) rəhmət olması yalnız həyatda olduğu dönəmə xas deyil. Əksinə, onun əbədi möcüzəsi, yəni Quran və ondan (s) yadigar qalan hədislər də bəşəri cəmiyyətlər üçün başdan-başa rəhmət və xeyirdir. Həmçinin, onun (s) vücuduna təvəssül etmək duanın qəbul olunmasına və Allaha yaxınlaşmağa səbəb olur. Sözügdən ayədə “لِلْعَالَمِينَ” (lil-aləmin) ifadəsindən aydın olur ki, hətta kafirlər də onun (s) vücudunun bərəkətindən Allahın ümumi rəhmətindən faydalanır və ruzi alırlar.

Hədis: İslam peyğəmbəri (s): “Ey camaat! Mən Allah tərəfindən sizə hədiyyə verilən rəhmətəm.” (Kəşfül-ğimmə, c. 1, səh. 8).

Bir cavab yazın