“ mömin , möminin AYNASIDIR!” – HƏDİSİNİN MƏNASI

mömin

İmam Əli (ə) buyurmuşdur:

يا كُمَيْلُ! الْمُؤْمِنُ مِرْآةُ الْمُؤْمِنِ، لِانَّهُ يَتَأَمَّلُهُ فَيَسُدُّ فاقَتَهُ وَ يُجْمِلُ حالَتَهُ؛

“Ey Kumeyl, mömin , möminin aynasıdır! Çünki onun zəif cəhətlərini aradan qaldırır və üstün cəhətlərini gücləndirir.” (“Biharul-ənvar”, 74-cü cild, səh.414.)

İmam Əli (ə) bu hədisdə bir aynanın mühüm xidmətlərindən ikisinə işarə edir və biz burada o iki xüsusiyyətlə yanaşı, digər xüsusiyyətlərə işarə edəcəyik ki, Həzrətin kəlamını gözəl şəkildə başa düşə bilək:

1. Ayna insanın eyib və gözəlliklərini, zəif və üstün cəhətlərini, yaxşı və pisliklərini səs-səmirsiz, hay-küysüz göstərir, eyib və pisliklərinə görə abır-həyasını aparmır.

2. Saf ayna yaxşı və pislikləri olduğu kimi (nə az, nə də çox) göstərir, birtərəfli rəftar etmir ki, dostlarının eyiblərini kiçik və yaxşılıqlarını böyük göstərsin, başqaları barədə isə əks əməl etsin.

3. Ayna insanın eyiblərini göstərsə də, əsla onu qınamır və başqalarının yanında təhqir etmir.

4. Ayna, onun müqabilində duran şəxsin eyib və gözəlliyini həmişə göstərir və heç vaxt bu işdən yorulmur. Bəzilərinin əksinə olaraq, yorğun olmadığı zaman dostunun eyib və yaxşılıqları haqda düşünür, əks halda, sanki heç nə görməmiş kimi gözlərini yumur.

5. İnsan aynaya nə qədər yaxınlaşarsa, öz eyib və gözəlliyini daha yaxşı görəcək; bu şərtlə ki, onun müqabilindəki ayna dörd xüsusiyyətə sahib olsun:

a) Ayna işıqlı otaqda olsun, yoxsa bir şey əks etdirməyəcək;

b) Aynanı toz-torpaq tutmasın, təmiz və saf olsun;

c) Ayna əyri olmamalı, düz və şəffaf olmalıdır;

ç) Aynaya baxan şəxsin görən gözü olmalıdır. Kor şəxs özünü aynada görə bilməz.

Aynanın bu xüsusiyyətlərinə və möminin ona təşbeh edilməsinə diqqət yetirməklə, mömin şəxs də həmin xüsusiyyətlərə malik olmalıdır. Təəssüf ki, bəziləri başqalarının yalnız eyiblərini görür və gözlərini onun yaxşılıqlarına bağlayırlar. Buna görə də, qarşı tərəf onun sözlərini qəbul etmir.

Biz qarşı tərəfi yaxşılığa dəvət etdiyimiz zaman onun eyiblərindən qabaq yaxşılıqlarını xatırlatmalıyıq ki, eyib sahibi sözümüzü qəbul edərək eyiblərini aradan qaldırmaq fikrinə düşsün. Bəziləri başqasının eyiblərini camaatın hüzurunda faş edərək onu məzəmmət və təhqir edir. Bəziləri də dostları ilə əlaqəni möhkəmlətdikcə, az-az eyiblərindən söz açır.

Bir sözlə, mömin, möminin aynası olmaqla bərabər, qeyd etdiyimiz dörd xüsusiyyətlə yanaşı cəmiyyətə də ayna olmalıdır.

Bir cavab yazın