Özünü bəndələrinə belə göstərmişdir

Özünü bəndələrinə belə göstərmişdir

Qurani-Kərimin məqamı barədə Allahın Peyğəmbəri (s) buyurub: «Quranın digər sözlərdən üstünlüyü, Allahın Öz yaratdıqlarından üstünlüyü qədərdir». Gördüyümüz kimi, bu qədər böyüklüyü, əzəməti, üstünlüyü, dərəcəsi var Quranın.

 

Müqəddəs dinimiz Quranı – Allahın qüdrətinin nişanəsi kimi tanıdır. Və bununla yanaşı, Allahı tanımaq vasitəsi, Allahı görmək üsulu kimi məhz Müqəddəs Kitabı təqdim etmişdir. İmam Əli (ə) buyurub: «Pak olan Allah Öz qüdrətini Kitabında göstərmişdir. Bununla da görsənmədən Özünü bəndələrinə göstərmişdir».

 

Digər hədisdə İmam Əli (ə) buyurur: «Allah Təalanın Kitabını öyrənin. Çünki o, sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır. Quranı başa düşün. Çünki o, qəlblərin baharıdır və onun nurunda şəfa axtarın. Çünki o, sinələrdəki xəstəliklərə şəfa verəndir. Onu yaxşı oxuyun, Çünki o, ən yaxşı əhvalatdır».

Müsəlman Quranı başa düşməyə, bu müqəddəs mənbədə olan hikmət və ibrətləri dərk etməyə dəvət edilmişdir. Quran – insanın daxili mərəzlərini sağaldan bir mübarək vasitə kimi tanıdılır.

 

Bəs Quranın ən üstün surəsi hansı sayılır? Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, canım Onun əlindədir! Allah nə Tövratda, nə İncildə, nə Zəburda və hətta nə də Quranda bu surə kimisini nazil etməmişdir. Bu (surə) Ümmul-Kitabdır”. (Həvzəh)

Qurani-Kərimdə buyurulur: “Həqiqətən, biz sənə təkrarlanan yeddi ayəni («Fatihə» surəsini) və böyük Quranı əta etdik” (“Hicr” 87)

 

Qurani-Kərim – bütün zamanlar və məkanlar üçün nazil olan bir müqəddəs hidayət mənbəyidir. İmam Sadiqdən (ə) soruşdular: «Bu nə sirdir ki, Quran nə qədər çox oxunub bəhs edildikdə, onun təzəliyi və təravəti bir o qədər artır?». Həzrət (ə) buyurdu: «Çünki Allah Təala onu yalnız xüsusi bir zaman və xüsusi insanlar üçün yaratmamışdır. Buna görə də hər bir zamanda, hər bir insan üçün Qiyamət gününə qədər təzə və təravətlidir».

Bir cavab yazın