SƏBRİN NÖVLƏRİ

SƏBRİN NÖVLƏRİ

Həzrət Peyğəmbər (s) buyurur:

اَلصَّبْرُ ثَلاثَةٌ: صَبْرٌ عَلَى المُصيبَةِ وَ صَبْرٌ عَلَى الطّاعَةِ وَ صَبْرٌ عَلَى المَعْصِيَة

“Səbr üç qisimdir: Müsibətə səbir, ibadətə səbir və günaha batmamaqda səbir.” (“Biharul-ənvar”, c.71, səh.77, hədis 12.)

İnsan bəzən kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır. Belə məqamlarda səbir etmək zəruridir. Belə bir səbir “müsibətə səbir” adlanır. Bəzən isə şəhvət, qəzəb, tamah insanı düz yoldan azdırır. Belə məqamlarda səbir etməyi bacaran insan günahdan qoruna bilir. Bu növ səbir “günaha batmamaqda səbir” adlanır.

Digər bir səbir isə “ibadətə səbrdir”. Allaha itaət bəzən çətin olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq çətin. Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil. Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını qazanmaq istəyən adam çətinliklərə təslim olmamalı, məqsədinə çatmaq üçün bütün maneələri dəf etməlidir.

Həzrət Peyğəmbər (s) buyurur:

اَلصَّبْرُ نِصْفُ الاْيمان

“Səbir imanın yarısıdır.” (“Biharul-ənvar”, c.82, səh.137, hədis 22.)

İmam Sadiq (ə) də buyurur:

اَلصَّبْرُ رَأْسُ الاْيمان

“Səbir imanın başıdır.” (“Kafi”, c.2, səh.87, hədis 1.)

Bu sözlərdə heç bir mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, imam Əlinin (ə) şiəsi olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq ki, səbir xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla bəzədilmiş süfrə arxasında  oturmuş olsun. Belə bir süfrə arxasında oturan insan özünü tərbiyə edə bilər.

İnsan günahdan qorunmaq üçün günah sərhəddinə yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək, doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın olan bəzi halallardan da çəkinmək lazım gəlir. Quyuya düşməmək üçün quyudan bir qədər aralı dayanmaq lazımdır! (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.130-132.)

Bir cavab yazın