TƏNDİRDƏN QALXAN NUR VƏ QUŞLARIN TƏVAFI

TƏNDİRDƏN QALXAN NUR VƏ QUŞLARIN TƏVAFI

Kərbəla inqilabı, xüsusən, imam Hüseyn (ə) və o həzrətin dostları ilə bağlı irəli sürülən mövzulardan biri də onun təsir və kəramətlərindən ibarətdir ki, əhli-sünnə alimlərinin diqqətini cəlb etmiş və müxtəlif mənbələrdə təkidlə qeydə alınmışdır. Bu təsir və kəramətlərdən söz açan mənbələrin həcmi olduqca böyükdür. Bu məlumatlar imam Hüseynin (ə) həqqaniyyəti və mövqeyini, Yezid və onun havadarlarının isə batilliyini, eləcə də, əhli-sünnə alimlərinin görünüşündə Kərbəla inqilabının əhəmiyyətini aşılayır, Yezidin məhkumiyyəti və Kərbəla cinayətinin bağışlanmazlığına növbəti təsdiq vərəqi sayılır.

Məlum olduğu kimi, burada “təsirlər” dedikdə, siyasi, ictimai və mədəni təsirlər, “kəramətlər” dedikdə isə “Aşura” faciəsindən sonra və yaxud faciə zamanı imam Hüseyn (ə) və o həzrətin dostlarının şəhadəti, Əhli-beytə (ə) rəva görülən zülm və cinayətlərlə bağlı şiə və əhli-sünnə alimlərinin təsdiqi, onların ravi və mənbələrinin şəhadəti ilə göstərilən qeyri-adi hallardır.

TƏNDİRDƏN QALXAN NUR VƏ QUŞLARIN TƏVAFI

İmam Hüseyn (ə) atın üstündən Kərbəlanın torpağına düşdükdən sonra, o həzrətin mübarək başını bədənindən ayırmağa məmur olunan ilk şəxslərdən biri də Xuli ibn Yezid idi. O, İmamın (ə) başını kəsmək üçün nə qədər çalışsa da, qorxudan əlləri titrəyərk onu görə bilmədi və nəhayət, Sənan ibn Ənəs və yaxud Şümr ibn Zilcövşən bu cinayətə əl atdı və onu Xuliyə verdi.

Xuli mübarək başı alıb tək-tənha və başqalarından tez Kufəyə doğru yola düşdü. Hakimin sarayına çatdıqda, sarayın qapısının bağlandığını (idarə vaxtının qurtardığını) görüb evinə qayıtdı və İmamın (ə) başını evindəki təndirdə gizlətdi. Onun iki zövcəsi var idi: biri “Bəni-Əsəd”, digəri isə “Hizri-Yəmin” tayfasından idi. Xuli həmin gecə “Hizri-Yəmin” tayfasından olan və Malik ibn Əqrəbin qızı Ənludərin otağına getdi.

Onun zövcəsi belə nəql edir: “Xuli imam Hüseynin (ə) mübarək başını təndirdə gizləmişdi. O, evə gəlib mənimlə yatmaq istədikdə, “Nə olub? Özünlə nə gətiribsən?” – deyə soruşduqda dedi: “Dünya sərvəti ilə birgə sənin yanına gəlmişəm. Özümlə gətirdiyim Hüseynin (ə) başıdır.” Dedim: “Vay olsun sənə! Başqaları qızıl-gümüşlə evinə qayıdır, sən isə Peyğəmbərin (s) övladının başı ilə?! Allaha and olsun, bundan sonra mənim başımı öz başınla bir balışda görməyəcəksən. Bunu deyib yatağımdan qalxdım və evdən çıxdım. O, “Bəni-Əsəd” tayfasından olan zövcəsinin yanına getdi. Mən oturub təndirə baxırdım. Allaha and olsun ki, təndirdən səmaya qalxan nurdan bir sütun müşahidə edirdim. Həmçinin səfir quşlar görürdüm ki, təndirin ətrafına dolanır və təvaf edirdilər. (“Tarixi-Təbəri”, 5-ci cild, səh. 454-455; “Əl-fütuh”, 5-ci cild, səh. 136; “Əhli-sünnə baxımından Kərbəla inqilabı” kitabından nəqlən, Ustad Əbdülməcid Nasiri Davud, 5-ci fəsil – təsir və kəramətlər.)

Bir cavab yazın